2026-cı ildə ABŞ-nin Azərbaycan və Ermənistanla əməkdaşlığının genişləndirilməsi istiqamətində səylər həm iqtisadi, həm də geosiyasi müstəvidə davam edəcək...
Poliqon xəbər verir ki, bu barədə Fitch Solutions məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, Vaşinqton Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlığa nəzərəçarpacaq alternativə çevrilir. Eyni zamanda ekspertlər hesab edir ki, regionda ABŞ-nin geostrateji mövcudluğunun artması fonunda Azərbaycana qarşı genişmiqyaslı ikinci dərəcəli sanksiyaların tətbiqi üçün əsas yoxdur.
Əməkdaşlığın fəallaşması 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammitdən sonra başlayıb. Həmin görüşdə ilkin sülh sazişi imzalanıb. Sənəd Naxçıvan-a tranzit dəhlizinin yaradılmasında Ermənistanın dəstəklənməsini nəzərdə tutur. 2026-cı ilin yanvar razılaşmalarına əsasən, TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin 74 faizi ABŞ-yə məxsus olacaq.
Fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens regiona səfər edərək strateji tərəfdaşlığı təsdiqləyib. Yeni əməkdaşlıq istiqamətləri sırasında kritik əhəmiyyətli minerallar üzrə əməkdaşlıq, infrastrukturun modernləşdirilməsi, texnologiya ixracı və Ermənistanda Metsamor AES-in Amerika istehsalı olan kiçik modul reaktorlarla əvəzlənməsinə dəstək yer alır.
Azərbaycanda isə razılaşmalar enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistika sahələrini əhatə edir. Fitch Solutions-un məlumatına görə, investorlar artıq TRIPP layihəsinə ciddi maraq göstərir və potensial investisiyaların həcmi milyardlarla dollarla ölçülə bilər.
Poliqon.info